Dek
Kreativ, Reklam

“Guerrilla Marketing” qeyri-ənənəvi üsullarla gözlənilməz yerdə qəfil zamanda keçirilən  kampaniyadır. Rahat anlaşılsın deyə, “Guerrilla Marketing” sözünü “Partizan Fəaliyyəti” ilə əvəzləyək. Partizan fəaliyyətinin üstün cəhətlərindən biri klassik metodlardan fərqli olaraq, müştəridə daha qalıcı təsir bağışlaması və az büdcə ilə böyük kütləyə xitab edə bilməsidir. Digər fərqləndirici xüsusiyyəti isə bazarda rəqiblərə kiçik hücumlar etməklə, onları zəiflətməkdir. Bu bəzən əyləncəli, bəzən mərhəmətsiz, bəzən də qanunsuz şəkildə baş verir. Yəni partizan kimi gizli, icazəsiz, heç kimin xəbəri olmayan bir vaxtda və yerdə hər hansı fəaliyyəti qeyri-ənənəvi formada həyata keçirirsən. Partizan fəaliyyəti insanları təəcübləndirir, şoka salır və bununla da, onların şüuraltında özünə yer edir. Burada sərhədlər, qaydalar, bəzən də qanunlar pozula bilir. Fəaliyyətinin uğurlu olması üçün onu partizan ruhlu şəxslər həyata keçirilməlidir.
Yəqin ki, ilk dəfə bu fəaliyyət növünü insanlar fərqində olmadan həyata keçiriblər. Bəlkə də 4000 il əvvəl misirlilərin papiruslara yazdığı satış mesajları və divar posterləri ilə başlayıb. 18-ci əsrdə ilk reklam qəzetlərdə görünməyə başlayanda, bu partizan əməli sayıla bilərdi. Bir əsr sonra müasir reklamın atası kimi tanınan Tomas J. Pears Soap şirkətində işləyərkən, yarım milyon Fransız qəpiyinin üstünə “Pears Soap” yazdıraraq, dövriyəyə buraxdı. Bu, böyük səs-küyə səbəb oldu, hətta parlament bu barədə akt tərtib etməli oldu. Bax, bu çox əla “Guerrilla Marketing” nümunəsi idi. Amerikanın reklam sektorunda “Guerrilla Marketing” 1960-cı ildən istifadə edilməyə başlanılıb və sonradan Jay Conrad Levinsonun 1984-cü ildə yazdığı kitabında adı çəkildi. Azərbaycana gəldikdə isə, Partizan fəaliyyətinin nə vaxt tətbiq olunduğunu dəqiq deyə bilmərəm. Bəlkə də “Mir Mövsüm Ağa”-nın şəklini sənə verib, sonra pul istəyən uşaqdan, cütlük görən kimi onların yanında peyda olan gülsatandan, küçədə sənin taleyini oxuyan qaraçıdan, ayaqqabının dəri olduğunu sənə sübut etmək üçün qayaqqabını sənin gözünün qarşısında yandıran satıcıdan, masaj salonunun önündə durub göz-qaş edən xaladan başlayıb…
Partizan fəaliyyəti zaman ətrafınızda olan elementlərdən istifadə etməklə, həmin obyektləri öz məhsulunuza oxşada və ya onlara kiçik bir əlavə etməklə, hər hansı mesaj vermək olar. Bizim küçələrdə buna rast gəlmək çətindir. Binaların üzərində icazə almadan proyeksiya ilə hər hansı məlumatı və ya rəsmi yerləşdirmək olar. Bu zaman bina sahibinin razılığı olmadığı üçün ya cərimə oluna bilərsən, ya da cəza alacaqsan. İcazəsiz şəkildə posterlərin binalara, ağaclara və s. yerlərə yapışdırlması partizan fəaliyyətinin ən aşağı xərc tələb edən formasıdır. Yenə icazəsiz olduğu üçün hüquqi problemlər yaşana bilər. Küçədə olan bir çox marketinq fəaliyyətləri də bura aiddir. Maskotlar, əllərində informasiya daşıyanlar və s. Partizan fəaliyyəti o zaman uğurlu və effektiv olur ki, yanaşma çox yaradıcı olsun. Əgər standart flayer paylamaq effektiv deyilsə, siz flayerləri yaradıcı formada paylamalısınız.

İlkin Yusif
Kreativ direktor, rejissor

Oxşar Yazılar

Apr 20th, 2020

Loğan & Tamella

Apr 9th, 2020

Slug Juice

Apr 8th, 2020

Ajur