
İran film sənayesində mövcud olan qadağa və senzuraların təsiri
ilə “anderqraund” və “gerilla” cərəyanına aid olan filmlərin istehsalı artmağa
başladı. Senzuraları nəzərə almaqla, film çəkmək ehtiyacı yarandı. Bu ehtiyac
isə inkişafa gətirib çıxardı. Beləliklə, müəlliflər yaradıcı həll yolları
axtarışına çıxdılar. Bədii filmdə qadın və kişi aktyorların davranış və danışıqlarındakı
senzuralar müəllifləri uşaqlara yönəltdi. Uşaqlar üçün sərt qadağaların olmaması
uşaq rollarının artmasına səbəb oldu. Çəkilişlərin daha çox çöldə, şəxsi
avtomobildə, taksidə, yolda olması “Yol filmi” ənənəsinə sadiqlikdən deyil,
icazəli məkanlardan və senzuradan qaçmağın yollarından biri idi. Sənədli filmdə
isə məsələ bir az daha qəliz idi. Gerçəkliyi olduğu kimi göstərməklə reallıqdan
nə qədər qaça bilərsən? Bu səbəbdən, İran rejissorları sənədli filmdə bədii
film texnikasından və əksinə istifadə formasına tez-tez müraciət etdilər. Nəticədə
“İran Yeni Dalğası” yarandı. Bu dalğanın nümayəndələrindən biri də, əslən iran
azərbaycanlısı olan rejissor Cəfər Pənahidir. Bu yazı onun 2011-ci il
istehsalı olan “Bu film deyil” (“In film nist”) sənədli filminin təhlili üzərində
qurulub. Film qanunsuz (illegal) çəkilib və ad günü tortunun içərisində gizlədilmiş
fləş diskdə, qaçaq yolla İrandan Kanna göndərilib. Bu, özlüyündə partizan
(gerilla) hərəkətidir. Film xüsusi olaraq, Kann Film Festivalında və Nyu-York
Film Festivalında nümayiş etdirilib. Həmçinin Varşava Beynəlxalq Film
Festivalının beynəlxalq müsabiqəsində iştirak edib.
“Reflexive” sənədli film janrında olan filmdə apellyasiya məhkəməsinin
hökmünü gözləyən rejissor Cəfər Pənahinin bir günü təsvir olunub. Həmkarı
rejissor Mojtaba Mirtahmasbın köməyi ilə çəkilən film çağdaş İran kinosunda baş
verən məhrumiyyətləri əks etdirir. Pənahiyə 6 il həbs qərarı verilməklə yanaşı,
20 il müddətində film çəkmək, ssenari yazmaq, mediaya danışmaq və ölkədən çıxışına
qadağa qoyulub. Filmin əvvəlində evə həbs olunan müəllifin vəkili ilə telefon söhbətində
bu cəzaların yüngülləşməsini təxmin edirlər. Gələcəyi qeyri-müəyyən olan Pənahi
rejissor kolleqasına senzuradan keçməyən ssenarisini danışaraq filmə çevirmək
planı olduğunu bildirir. Hekayə, dindar valideynləri tərəfindən sənət məktəbinə
getməsinə mane olmaq üçün evə kilidlənmiş bir qızdan bəhs edirdi. Biz sonralar
Cəfər Pənahinin “Üç üz” filmində bu qızı görəcəyik. O, hekayəni öz evində səhnə
quraraq izah etməyə başlayır. Lakin çəkiliş məkanından kənarda və aktyorlarsız
film çəkməyin mümkünsüz olduğu qənaətinə gəlir. Bu məqam filmdə ssenari qədər
aktyor və məkanların rolunun vacibliyini göstərir. Rejissor “filmi danışa
biliriksə, bəs onda niyə çəkirik?” sualını səsləndirir. Bu sual müəllifin düşdüyü
vəziyyəti daha da dramatikləşdirir. Lakin, sözügedən film tamaşaçıda çaşqınlıq
yaradır. Əgər mümkün deyilsə, bəs bu film nədir? Filmin adını “Bu film deyil”
qoymaqla, həm irəli sürdüyü fikri, həm də özünü həbsdən sığortalasa da, filmin
sənədli film kimi etiketlənməsi paradoks yaradır. Bu film deyil, film çəkməsi
qadağan olunan rejissorun düşdüyü absurd vəziyyətə üsyanıdır.
Cəfər Pənahi otaqda xalçanın üstünə lent yapışdıraraq xəyali
otaq qurmaqla sanki “Doqvill” filminə salam göndərir. Təsadüfi deyil ki, Pənahinin
bu filmi “Doqma-95” tərzi ilə çəkilən film təsiri bağışlayır. Bəlkə də, Lars
fon Trier filmi irreal məkanda çəkdiyi kimi, Cəfər Pənahi öz evində film çəkə
bilər mesajını verir. Yaxud özünün Doqvill versiyasını çəkir. Belə olan halda
filmdə əsas qəhrəman “Qreys” qanqsterlərdən (atasından) qaçıb Doqvillə sığındığı
və evə həbs olunduğu kimi, Pənahi də mövcud rejimin əlindən evə sığınır. Qreys
Doqvil üçün təhlükəli olsa da, kənd əhalisi onu gizlətməyi bacarır. Cəfər Pənahi
isə onu dəstəkləyən həmkarları üçün indidən narahatdır. Ona dəstək olanların başlarına
gələcək təhlükə haqqında düşünür. Qapı döyüləndə gözlükdən baxması onun nəzarətdə
olduğuna və izləndiyinə işarə edir. Filmdə otaqda gəzən böyük iquana (kərtənkələ)
evə həbs olunan rejissorun özünü simvolizə edir. Baxmayaraq ki, onun meydanı çöldür,
amma o, pişik kimi evdə dolaşır. İquana Pənahinin özünü simvolizə edirsə, bəs o
zaman qonşunun hürən iti nəyə işarədir? Yoxsa Doqvildəki hürən itdir? Şəhərə
getmək istəyən it sahibi iti qonşulara etibar etmək istəyir, lakin heç kim hürən
itə sahib çıxmaq istəmir. İranda it saxlamaq qanunla (şəriətlə) qadağandır. Pənahi
də iquananın itdən qorxduğunu bəhanə edib itə sahib çıxmaq istəmir. (Sonrakı
filmi olan “Bağlı Pərdələr” filmində də iti yaddan çıxarmayıb).
Film tamaşaçıda “heç nə baş vermir” təəssüratı yaratsa da, müəllif üstüörtülü şəkildə
hekayəni danışır, düşdüyü vəziyyətin nə qədər absurd olduğunu tamaşaçıya çatdırır.
Filmin əvvəlində o, üzünü kameraya tutaraq müəllifi olduğu “Ayna” filmindən nümunə
gətirir. Burada Mina adlı məktəbli qız bir müddət sonra artıq rol oynamaq istəmədiyini
deyib, uzaqlaşır. Filmin içində olan bu imtina real hadisə kimi görünsə də, səhnələşdirilib.
Müəllifin hazırda bu obraz kimi davranmaqdan başqa çıxış yolu olmadığını deməsi
tamaşaçıya ipucu verir. Rejissor oyundan kənarlaşdırılsa da, davam edəcəyinə işarə
edir. Mina obrazı kimi, müəllif özü də dördüncü divarı yıxır. Beləliklə, film çəkmək
qadağası olan rejissora öz evində, özünün çəkildiyi filmin film olduğunu heç
kim sübut edə bilməz. Necə ki, filmdə müəllif özü bunun film olduğunu danır.
Kamera onu çəkərkən “CUT!” (kəs) deməsi isə onu ələ verir. Kolleqası çəkməyə
davam edir və qeyd edir ki, indi o, “KƏS” komandası verə bilməz! Bu bir tərəfdən
bizi qadağanın olduğu reallığa qaytarsa da, digər tərəfdən Pənahinin hal-hazırda
film çəkdiyi mesajını verir. Bu, gerçəkliklə səhnələşmənin birləşdiyi nöqtədir.
Beləliklə, Cəfər Pənahi bu filmin qəhrəmanıdır. Qəhrəmanın qarşısındakı ən böyük
əngəl isə ona qoyulan qadağadır. Düşməni mövcud sistem, dostu isə onu kameraya çəkən
kolleqasıdır. Sonda nə baş verir? Qəhrəman taleyini sona saxlamır, çünki elə
hal-hazırda film çəkir. Baxmayaraq ki, evdən çölə çıxa bilməz, filmin
sonunda zibil yığan oğlanı çəkərkən liftən çölə çıxması, müəllifin daxilən azad
və üsyankar ruhlu olduğu mesajını verir. Müəllifin ona qoyulan məhdudiyyətlərə
asanlıqla təslim olmayacağı görünür. Çölə çıxması Doqvili tərk edən Qreysi yada
salır. Çöldə bayrama görə yandırılan böyük alovla Doqvilin sonunda Qreysin kəndi
yandırıb intiqam alması arasında oxşarlıq yaranır. Bu film deyil, bu mesajdır!
Bu meydan oxumaqdır! Bu intiqamdır! Bu özünü fadə azadlığıdır!
“Bu film deyil” filmi “avanqard” subjanrında və büdcəsiz çəkilən sənədli film nümunəsidir.
Baxmayaraq ki, film planlaşdırılmış səhnələrdən ibarətdir, o sadəcə sənədli
film kimi təqdim edilib. Mövcud sistemə qarşı olan üsyanın davamını müəllif “Taksi”
filmində daha sərt şəkildə ortaya qoyur. Taksi filmində sərnişinlərdən birinin
Pənahinin film çəkdiyinə açıq-aşkar eyham vurması müəllifin istənilən şəraitdə
film çəkəcəyinə bir daha işarə edir. Müəllif bədii və sənədli film texnikalarını
qarışdıraraq hekayəsini danışır. Beləliklə, janr sadəcə etiket xarakteri daşıyır.
Hekayənin özünün tələb etdiyi yeni formaların tapılması, janrları və subjanrları
qarışdırmaq həm çağdaş film sənayesinin tələbinə çevrilib, həm də müəlliflərin
senzuradan qaçmasına şərait yaradır. Bu qarışıq hekayə tərzi Pənahini düşdüyü çətin
vəziyyətdən nisbətən çıxardır. Sənədli film (video) pərdəsi arxasına sığınan
rejissor “Bağlı Pərdələr” filmi ilə pərdəni bağlayıb sonradan “docufiction”
janrına yumşaq keçid edir. “Taksi”, “Üç üz” və s. qanunsuz filmlər çəkməklə
yaradıcılığına davam edir. Cəfər Pənahinin filmlərinin İranda nümayişi qadağan
olunub.
Qeyd: Cəfər Pənahi 2010-cu il martın 1-də Məhəmməd Rəsulofla birlikdə film çəkərkən
saxlanıldı və İran hökumətinə qarşı təbliğat aparmaqda ittiham olundu. Cəfər Pənahinin
6 il müddətinə həbsə alınması qərarı beynəlxalq basqıların nəticəsində ev
dustaqlığı ilə əvəzləndi və 20 il müddətinə film çəkməsi qadağan olundu.
2022-ci ilin iyulunda həbsdə olan dissident rejissor Məhəmməd Rəsulofun vəziyyətini
öyrənmək üçün Tehran prokurorluğuna gedən zaman yerindəcə həbs edilərək “Evin”
həbsxanasına salındı. İran Ali Məhkəməsinin hökmü etibarsız elan etməsinə
baxmayaraq, həbsdə saxlanılmasına etiraz olaraq C. Pənahi aclıq aksiyası elan
etdikdən 48 saat sonra 3 fevral 2023-cü ildə həbsdən azad olundu.
İLKIN YUSİF
QEYD: BU YAZI, AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ LAYHƏSİ OLAN “KİNOYAZAR.AZ” PLATFORMASI ÜÇÜN YAZILAN SƏNƏDLİ FİLM TƏHLİLİ SERİYASINDANDIR.
